Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Üçrəngli bayrağın simvolları
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. 
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. 
Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.  
Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. 
Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.