Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçiriləcək imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar‑məşğələlər keçirəcək.

Mərkəzdən  verilən məlumata görə, fevralın 1-dək davam edəcək bu seminarlar DİM-in məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur və 4750-ə yaxın nəzarətçi-müəllimin prosesdə iştirak edəcəyi gözlənilir.
Seminar‑məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.
Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.
Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14817 nəzarətçi‑müəllim haqqında məlumat var.

Mənbə: Tehsil-press.az