Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilmişdir

Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək və iyulun 6-dan avqustun 6-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 28-dən sentyabrın 3‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etdikdən sonra ixtisas seçimi etmək üçün www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin boş qalan yerlərinin ixtisas seçiminə ümumi balı (hər iki mərhələ üzrə) 40‑dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Boş qalan yerlərin xtisas seçimi avqustun 28-dən sentyabrın 3-dək  aparılacaq.