İmtahanlar bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün :

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilir.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunur.

İmtahanlar bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır.

İmtahanda 6461 (Bakıda 1814, Naxçıvanda 336, Gəncədə 718, Şəkidə 300, Zaqatalada 9, Balakəndə 11, Qaxda 68, Bərdədə 788, Göyçayda 444, Şirvanda 724, Lənkəranda 796, Xaçmazda 453) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 21 ümumi imtahan rəhbəri, 50 imtahan rəhbəri, 536 nəzarətçi‑müəllim, 45 buraxılışı təşkil edən əməkdaş, 21 bina nümayəndəsi ayrılıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün, həmçinin dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı da keçirilir.

İmtahan Bakı şəhərində təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 432, BB qrupu üzrə 1334, ümumilikdə isə 1766 namizəd qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və 3 saat davam edəcək. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi‑müəllim, 6 bina nümayəndəsi ayrılıb.