Bütün İMTAHANLAR haqqında məlumat: 
Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılır. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşir.
 
* IX sinif buraxılış imtahanları
- IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir.
- 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 ballıq şkalaya uyğunlaşdırılacaq. Uyğunluq cədvəli ölkə üzrə 3 il ərzində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin statistik araşdırmaları əsasında tərtib olunub. Hər bir şagird bu cədvəl əsasında öz yekun balını hesablaya biləcək.
- Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq.
- Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər.
- Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.
- Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imthahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər.
 
* XI sinif buraxılış imtahanları
- İmtahanların iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir.
- Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular  çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.
- Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.
 
* Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın keçirilməsi
 
* IX sinif 
- Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin  9-cu sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı iyun ayı ərzində kağız daşıyıcılar vasitəsilə keçirilir.
 
* XI sinif 
Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin  11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunlar müəyyən ediləcək texniki şərtlərə malik olmalıdırlar.
Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin  11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə mayın 20-dən etibarən onlayn sınaq imtahanları keçiriləcək.
Bu imtahanlarda cari ilin məzunları və mayın 20-dək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) iştirak edə biləcəklər.
 
* Orta ixisas təhsil müəssisələrinə qəbul
- Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.
- Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanında (I mərhələ) iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.
 
* Tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.
Ali təhsil müəssisələrinə qəbul
-Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılır
 

*  Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur.

Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
- I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).
- Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid)  çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.
 
 Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.
➡️Dövlət qulluğuna qəbul
- İmtahanlar avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək.
- Müsahibələr onlayn qaydada keçiriləcək. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək. 
- Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçirilir. 
 
* Vətəndaşların qəbulu
Mayın 18-dən etibarən elektron növbə əsasında DİM-in inzibati binalarında vətəndaşların qəbuluna başlanılacaq.