İyulun 16-dan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək. 
Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. 
 
Diqqət: Ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, builki müəllimlərin işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq ediləcək.  
 
• Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq təşkil ediləcək.  
 
• Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyalarının sayına məhdudiyyət tətbiq ediləcək.  
 
• İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. 
 
• Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək. 
 
• Müsabiqənin müsahibə mərhələsi onlayn şəkildə təşkil ediləcək. 
  
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı tamamlandıqdan sonra müsabiqənin test mərhələsinin təşkil ediləcəyi imtahan mərkəzlərinin yerləri və həmin mərkəzlərdə imtahanın təşkil ediləcəyi  tarixlər barədə məlumat namizədlərin elektron kabinetlərinə göndəriləcək.